İnanılmaz Halk (film, 2008)
İnanılmaz Halk (ing. The Incredible Hulk) — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2008-ci ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. "İnanılmaz Halk" Marvel Kinematoqrafiya Kainatının (MKK) ikinci filmidir. Film, Zak Pennin ssenarisi əsasında Lui Leteryenin rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Edvard Norton Brüs Benner rolunu canlandırmış, eyni zamanda Liv Tayler, Tim Rot, Tim Bleyk Nelson, Ti Byurrel və Uilyam Hört də rol almışlar. "İnanılmaz Halk"da superədgər hazırlamaq istəyən ordu rəhbərliyinin gizli təcrübəsinə əsasən qamma radiasiyasına məruz qalan Brüs Benner Halka çevrilir. Halkı hərbi məqsədlər üçün tədqiq və istifadə etmək istəyən General Sanderbolt Ross, ondan gizlənən Benneri tapmaq üçün təcrübəni başqa bir əsgərin – Emil Blonski üzərində davam etdirir və nəticədə Blonski, İyrənc adlı varlığa çevrilir.
2003-cü ildə Universal Pictures tərəfindən çıxarılmış "Halk" filminin müxtəlif cür qəbul edilməsindən sonra Marvel Studios personajın ekranlaşdırılması hüququnu yenidən qaytarır. Əvvəl "Dəmir adam" filmini ekranlaşdırmaqla maraqlanmış rejissor Leteryeyə filmin rejissor kürsüsü etibar edilir, Penn isə komikslərə və eyni adlı teleseriala daha yaxın olan ssenari yazılması ilə məşğul olur. 2007-ci ilin aprelində Norton film üzərində işə başlayır; o əsas rolu canlandırmaqla yanaşı Pennin ssenarisini də təkmilləşdirir.